Prezident İlham Əliyev dedi: Əlbəttə, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib bu bəyanati keçirdi.

İlham Əliyev dedi: Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi.

Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

 

  • منبع خبر : Azertac