SHARHONLINE - Demokratik ölkələrdə siyasi partiyalar dövlətin siyasətinə təsir etmək gücünə malikdirlər. Eyni zamanda hakimiyyət orqanlarına da güclü təsir göstərir. Güclü partiyaların təsir imkanları da güclü və çoxdur.

Xüsusən də parlamentdə təmsil olan partiyaların. Yeni layihələr və təkliflər vermək, xalqın, dövlətin ziyanına olan qanunların qəbul olunmasına veto goymaq, milli məsələlərin, xalqın rifahının yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış etmək və s. Parlamentdə təmsil olunmayan partiyalar belə dövlət və xalqa öz töhhfəsini verə bilirlər. Belə ölkələr daimə inkişaf edir. Çünki sağlam siyasi rəqabət olur. Amma o ölkələrdə ki, demokratiya yoxdur, müxalif fikirli insanlara təzyiqlər edirlər, həbs edirlər, partiyaların fəaliyyətini məhdudlaşdırırlar, seçkiləri saxtalaşdırırlar, o zaman siyasi təşkilatların dövlətə və xalqa nəsə verməsi mümkün olmur. Avtoritar, diktatura rejimlərdə partiyaların təsiri sıfıra bərabərdi. Belə ölkələrdə siyasi partiyalar hakimiyyət uğrunda real mübarizəyə qoşula bilmirlər.Dünya təcrübəsi sübut edir ki, siyasi partiyaların yaranması obyektiv tələbatın ifadəsi olmalı və onlar siyasi sistemin bir hissəsi kimi yaranmalıdırlar.

Demokratik ölkənin siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Siyasi partiyalar cəmiyyətdə siniflərin, sosial qrupların, bütövlükdə cəmiyyətin mənafelərinin üzə çıxarılması, bəyan edilməsi və əsaslandırılması, böyük ictimai qrupların fəallaşdırılması və birləşdirilməsi, ideologiyanın və siyasi doktrinaların formalaşdırılması, siyasi sistemlərin, onların ümumi prinsiplərinin, komponentlərinin və i.a. formalaşdırılmasında iştirak etmək, dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək, ictimai rəyin formalaşdırılması, bütövlükdə cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin siyasi cəhətdən tərbiyə edilməsi, dövlət aparatı, həmkarlar ittifaqları və s. üçün kadrların hazırlanması və irəli sürülməsi funksiyalarını yerinə yetirirlər.