ABŞ Prezidenti Donald Tramp impiçmentə bir addım da yaxınlaşdı. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermə nəticəsində prezident Donald Trampa qarşı ittihamın ilk iki maddəsini impiçment prosedurunun bir hissəsi kimi təsdiqləyib.

Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqres tərəfindən aparılan istintaqa mane olmaqda ittiham olunur.

Bundan sonrakı ittiham aktı məhkəməyə veriləcək. Bu prosesə ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsiflər heyətinin funksiyalarını yerinə yetirirlər.

İmpiçment ittihamlarını araşdırdıqlarına görə Demokratları sərt tənqid atəşinə tutan Trampın yanvar ayında Senatda mühakimə olunacağı gözlənilir.

Senatdakı Respublikaçı çoxluq Trampın prezident vəzifəsindən kənarlaşdırılması ehtimalını azaldır ki, bu da Ağ Evə ikinci dönəm yiyələnməyə can atan Trampın siyasi taleyini 2020-ci ildə seçicilərin öhdəsinə buraxmış olacaq. Prezident Tramp impiçment prosesini “əcinə ovu” adlandırıb.

Xatırladaq ki, ABŞ-da Prezidentə qarşı impiçment bir neçə dəfə müşahidə edilib. 1972-ci ildə Respublikaçı prezident Riçard Niksona yaxın bəzi şəxslərin Demokrat Partiyasının “Uotrgeyt” iş mərkəzindəki ofisinə dinləmə cihazı yerləşdirdiyi iddiaları ortaya çıxıb. Bundan sonra Niksona qarşı impiçment tələb olunub. Prezident məhkəməni aldatmaq və  dəlilləri yox etməkdə ittiham olunub. Ancaq bu proses başa çatmamış Nikson istefa verib, bununla da, impiçment prosesi başa çatmayıb.

Bundan 27 il sonra Demokrat prezident Bill Klintonun Ağ Evdə təcrübə keçən referent Monika Levinski ilə gizli münasibətlərinin olması iddiaları növbəti impiçment prosesinin başladılmasına səbəb olub. Lakin Senatda keçirilən səsvermədə Klinton bəraət qazana bilib. Belə ki, cəzalanması  üçün lazım olan say əldə edilmədiyi üçün o, vəzifəsinə davam edib. Bu baxımdan, Trampı da impiçment cəzasının gözləmədiyini söyləyə bilərik. Bununla belə, Demokratlar düşünürlər ki, bununla onlar Trampın növbəti seçkilərdə qələbə şanslarını azaldırlar. Lakin Trampın mövqeyini gücləndirmək üçün əlində təsir vasitələri də yox deyil. Trampın prezidentliyi dövründə ABŞ Çinlə müqavilə bağlasa, bu, iqtisadiyyatda uğura səbəb olacaq. Bu baş verərsə, Trampın seçkilərdə qalib gəlmək şansı yüksələ bilər.

Onu da qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən, Prezidentə qarşı impiçment Nümayəndələr Palatası tərəfindən başlanılır və qərar çıxarmaq üçün buna adi çoxluğun (50%+1) səs verməsi kifayət edir. Bundan sonra qərar Senata təqdim olunur. Bu qurum da faktiki prezidentə dair məhkəmə araşdırması aparır. İmpiçment haqda yekun qərarın çıxarılması üçün bu qurumun üzvlərinin (senatorların) 2/3-nin səs verməsi vacibdir. Yalnız bu halda prezident vəzifəsindən kənarlaşdırılır və onun səlahiyyətlərini vitse-prezident icra edir. ABŞ Senatında isə hazırda Respublikaçılar çoxluq təşkil edir. Bu baxımdan, Nümayəndələr Palatasının impiçment qərarı Respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçməyə və ya ümumiyyətlə, orada müzakirəyə çıxarılmaya da bilər. Belə hallar isə ABŞ tarixində artıq olub. 1868-ci ildə ABŞ-ın 17-ci prezidenti Endrü Conson, 1998-ci ildə isə yuxarıda qeyd etdiyimiz kimi, 42-ci prezident Bill Klinton haqda Nümayəndələr Palatasında impiçment qərarı qəbul olunsa da, həmin qərarlar Senatdan keçməyib.

Bu amillər Donald Trampın impiçmentə məruz qalacağı ehtimalını azaldır. Lakin Demokratlar Trampa etimadsızlıq göstərmək məsələsində israrlıdırlar.

Son zamanlar İran ətrafında artan gərginlik, Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumlar Demokratların belə addımı üçün bəhanə oldu.

Lakin bu məsələdə Trampı ittiham etmək üçün yetərli arqumentlər mövcud deyil. Onu da unutmaq olmaz ki, ABŞ-ın iştirakı olmadan İrana qarşı hər hansı miqyasda hərbi əməliyyatlar uğurlu ola bilməz. Donald Tramp isə İranla savaşa tələsmir və anlayır ki, müharibə onun növbəti seçkilərdə məğlubiyyətinə səbəb ola bilər. Görünür, elə bu səbəbdən də son bir neçə ayda Ağ Evin sahibi onu İranla hərbi qarşıdurmaya sürükləməyə çalışan iki yaxın komanda üzvünü – Yaxın Şərq üzrə müşaviri Ceyson Qrinblattı və Milli Təhlükəsizlik müşaviri Con Boltonu istefaya  göndərdi. Burada bir məqam da mövcuddur. D. Tramp impiçment təhlükəsinin real olduğunu anlasa, İranla müharibəyə başlaya bilər. Xatırladaq ki, Bill Klinton Monika Levinski qalmaqalına görə impiçment təhlükəsi ilə üzləşdikdə Yuqoslaviyanı bombalamağı əmr etmişdi. Eyni taktikadan Tramp da istifadə edə bilər. Lakin bu savaş qısa müddətdə başa çatmalıdır.  Belə ki, İran ərazisində aparılacaq mümkün hərbi əməliyyatda ABŞ Vyetnam müharibəsindəki məğlubiyyətə bənzər fəlakət yaşaya bilər.

Onu da vurğulamaq lazım gəlir ki, Trampın prezidentliyi dönəmində ABŞ bir çox beynəlxalq müqaviləni tanımadığını bəyan etdi. Tramp Barak Obama Administrasiyasının fəal iştirak etdiyi və böyük çətinliklərlə əldə edilmiş Sakit Okean iqtisadi razılaşmasını ləğv etdi. Daha sonra D. Tramp Atlantik Okean iqtisadi razılaşmasının, yəni Avropa İttifaqı və Şimali Amerika ölkələri arasında imzalanan sənədin üstündən xətt çəkdi. D. Tramp Rusiya ilə bir neçə raket razılaşmasını, İranla nüvə proqramına dair sazişi də pozdu. Bununla, D. Tramp Birləşmiş Ştatların dünyada hegemon ölkə olduğunu və  beynəlxalq hüququn onun üçün önəm daşımadığını nümayiş etdirdi. Bu amillər isə D. Trampı orta statistik amerikalının gözündə qəhrəmana çevirir.

  • منبع خبر : APA