AZƏRTAC, sharhonline - Oktyabrın 17-də Bakıda İnnovasiyalar Agentliyi idarə heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, İrandan 60-dan çox startapın qatıldığı görüşdə T.Kərimli iqtisadiyyatın inkişafında texnologiyaların rolu və İnnovasiyalar Agentliyinin bu sahədəki fəaliyyət proqramını açıqlayıb.

“Azərbaycanın coğrafi mövqeyi ölkəmizi təbii “HUB”a – qovşağa çevirir. Biz də Yaxın Şərq və MDB ölkələrindəki startaplara bu fürsəti dəyərləndirməyi təklif edirik”, – deyə o bildirib.

T.Kərimli startapları Azərbaycana cəlb etmək üçün yaradılan şəraitdən bəhs edib. Mingəçevir şəhəri və Pirallahı adasındakı yüksək texnologiyalar parklarında qeydə alınan rezidentlərin 7 il müddətinə ƏDV, mənfəət, əmlak, torpaq və gömrük rüsumlarından azad olduğu da qonaqların diqqətinə çatdırılıb.

Agentliyin rəhbəri İsrail, Rusiya və Ukrayna startaplarının Azərbaycana xüsusi marağını vurğulayıb və İran təmsilçiləri üçün də bütün qapıların açıq olduğunu deyib.