Fevralın 9-da Azərbaycanda parlament seçkisi keçiriləcək. Yeni parlamentin tərkibi köhnə parlamentin tərkibindən fərqli olacaq. Bunu prezident İlham Əliyev və birinci vitse-prezidenti Mehriban Əliyeva istəyir. Hakim Yeni Azərbaycan Partiyası seçkiyə hazırlaşır.

Əsas sual budur: Hakim partiyanın siyahısını kimlər hazırlayacaq?

Keçmiş illərdə siyahını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hazırlayırdı. Ramiz Mehdiyev istefaya göndərildi. Bu dəfə siyahını Prezident

Administrasiyasının yeni komandası hazırlayacaq. Bu komandanın bir çox üzvü Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunda çalışıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkisini boykot edəcək. Partiyanın lideri Əli Kərimli seçkinin saxtalaşdırılacağını iddia edir. O, seçki komissiyalarının dəyişdirilməsini tələb edir. Ancaq bəzi ekspertlər hesab edirlər ki, Əli Kərimlinin seçkini boykot etməkdə məqsədi fərqlidir. Partiyanın tanınmış üzvlərinin sayı azdır. Partiyanın deputatlığa irəli sürəcək namizədləri azdır. Buna görə də Əli Kərimli seçkini boykot edir.

Digər müxalifət partiyaları isə seçkilərdə iştirak edəcəklər. Bu haqda Müsavat Partiyası və REAL Hərəkatı qərar veriblər. REAL Hərəkatı 42 dairədən namizəd irəli sürəcək.

Əli Kərimlinin tərəfdarları Müsavat Partiyasını və REAL Hərəkatını seçki qərarı veridklərinə görə tənqid edirlər. Onlar şayiə yayırlar ki, hakimiyyət həm Müsavat Partiyasına, həm də REAL Hərəkatına parlamentdə cəmi bir neçə yer verəcək. Bəzi məlumatlara görə, hakimiyyət həqiqətən REAL Hərəkatının bəzi gənc üzvlərini parlamentdə görmək istəyir.

Parlament seçkiləri qışda keçirildiyindən seçki kampaniyası keçirmək çətin olacaq. Deputatlığa namizədlər vətəndaşlarla açıq havada görüş keçirə ilməyəcəklər. Görüşləri yalnız qapalı məkanlarda – klublarda və ya məktəblərdə keçirmək mümkün olacaq.

Ancaq əgər otaqlarda istilik olmasa, deputatlarla görüşə az insan gələcək. Bu arada, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov parlament seçkisiylə bağlı geniş status yazdı. Həmin statusu təhlil etdikdən sonra bu nəticəyə gəlmək olar ki, həmin hərtərəfli təhlili ya bir qrup peşəkar analitik yazıb, ya da hansısa araşdırma mərkəzi hazırlayıb. Böyük şirkətləri olan milyarderlərin vaxtları məhduddur.

Onlar analitik yazılar yazmır, tezisləri peşəkarlara verir və daha sonra hazır yazıya imzalarını atırlar. Ən maraqlısı odur ki, Fərhad Əhmədov bugünə qədər Azərbaycandakı daxili siyasi proseslərə qarışmayıb. Ancaq bu dəfə Rusiyada yaşayan azərbaycanlı milyarder analitik yazısında “parlamentdə müxalifət niyə lazımdır” tezisini ən kiçik detallarına qədər elmi surətdə geniş izah edib. Azərbaycan parlamentində müxalifətin olmaması Rusiyada yaşayan milyarderi niyə narahat edir?

Fərhad Əhmədov iki məsələdən də yazıb.

Birincisi, Fərhad Əhmədov yazıb ki, Azərbaycanda Mərkəzi Seçki Komissiyasını və seçki komissiyalarını yenidən qurmaq lazımdır.

İkincisi, Fərhad Əhmədov yazıb ki, parlament seçkisini proporsional əsasda – partiya siyahılarıyla keçirmək lazımdır.

Fərhad Əhmədovun bu iki tələbi Azərbaycan müxalifətinin tələbləri ilə üst-üstə düşür. Azərbaycan hakimiyyəti Fərhad Məmmədovun bu iki şərtini qəbul etməyəcək.

Parlament seçkisinə iki ay qalıb. İki ay ərzində seçki komissiyalarını dəyişmək mümkün deyil. Parlament seçkisini proporsional əsasda keçirmək üçün Konstitusiya dəyişdirilməlidir. Bunun üçün isə referendum keçirilməlidir. Bu da mümkün deyil.

Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkisində Rusiyada yaşayan azərbaycanlı milyarderlər siyasi klub yaratmışdılar. O zaman bu klubun yaradılması Azərbaycan hakimiyyətində və cəmiyyətində xeyli suallar yaratmışdı. Belə fikirlər yayılırdı ki, Moskva azərbaycanlı milyarderlərin dəstəyi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istəyir. Ancaq prezident seçkisinə iki ay qaldıqda Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və İlham Əliyevlə görüşdü. Bundan sonra “milyarderlər klubu” fəaliyyətini dayandırdı və İlham Əliyev prezident seçildi. İndi də parlament seçkisindən əvvəl Rusiyada yaşayan azərbaycanlı milyarderlər fəallaşmağa başlayıblar.

  • منبع خبر : Atlas Araşdırmalar Mərkəzi