Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il prezident seçkisindən sonra vəd etdiyi islahatları sürətlə həyata keçirir. Bu, Azərbaycanın inkişafı və sabitliyi üçün vacibdir.

Azərbaycanda geniş kadr islahatları davam edir. Yeni və gənc kadrlar dövlət idarəetməsinin bütün strukturlarına cəlb olunur. Gənclərin idarəetməyə cəlb edilməsi həm yeni baxışların və yanaşmaların formalaşmasına, həm də yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Azərbaycanın artan əhalisi hər zaman yeni iş yerlərinin açılmasını diqtə edir.

Prezidentin sənayeləşməyə verdiyi üstünlük bununla bağlıdır. Sənaye müəssisələrinin sayı artmalıdır ki, yeni iş yerləri yaradılsın və gənclər üçün çalışmaq imkanları açılsın. İlham Əliyevin dövlət məmurları və sahibkarlar qarşısında qoyduğu əsas vəzifələrdən biri yeni iş yerlərinin yaradılmasıdır. Şəhər və qəsəbələrdə qurulan yeni müəssisələr, açılan yeni xidmət sahələri, kənd təsərrüfatına artan maraq aparılan ishalatların məntiqi nəticəsidir.

Keçmiş illərdə rayon və kəndlərdə yaşayan gənclər iş dalınca şəhərlərə üz tuturdular. Ancaq indi tədricən əks proses başlayıb. Torpaqda çalışmaq, əkib-becərmək və son məhsulu bazara çıxarmaq yerlərdə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradır. Gənclərin aqroparklarda artan sayı da bundan xəbər verir.

Son illərdə xarici ölkələrə ixrac olunan kənd təssərrüfatı mallarının miyqası, çeşidi və gəliri artır. Bu arada, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Son aylarda Azərbaycanın 5 rayonunda icra hakimiyyətlərinin başçıları həbs olunub. Həmin şəxslər sahibkarlardan, sadə vətəndaşlardan rüşvət alır, qanunsuz yolla varlanırdılar. Prezidentin koronavirusun yayıldığı dövrdə insanlar üçün ayırdığı pullar korrupsiyanın uğradığı bölgələrdə oğurlanırdı.

Prezident Azərbaycanın yeni baş prokuroruna da tapşırıq verib ki, korrupsiyaya qarşı mübarizə sərtləşdirilsin. Bu illərdə korrupsioner məmurların əməllərinə göz yuman və bəzən onlarla əlbir olan yerli hüquq-mühafizə xidmətləri də baş verənlərə görə məsuliyyət daşıyırlar. Bəzi yerli hakimlər isə korrupsioner məmurların sahibkarların torpaq sahələrini əllərindən almalarına hüquqi don geydiriblər.

Təsadüfi deyil ki, son vaxtlar hakimlər korpusunda da islahatlara başlanılıb. Buna da ehtiyac var. Bir sözlə, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlayıb. Koronavirus epidemyası bütün ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyi kimi Azərbaycandan da yan keçməyib. Dünya bazarlarında neftin qiyməti xeyli aşağı düşüb. Bu isə o deməkdir ki, neft gəlirləri azalacaq. Buna görədir ki, prezident illərdir bir tesizi dönə-dönə təkrarlayır: “Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır!” Korrupsiyaya qurşanan məmurlar isə qeyri-neft sektorunun inkişafına ən böyük əngəldirlər. Çünki onlar bu əməlləri ilə cəmiyyətin dövlətə olan etibarına zərbə vururlar. Bəziləri düşünürdü ki, korrupiya ilə mübarizə yalnız qanunsuzluqla məşğul olan yerli icra hakimiyyəti strukturlarını əhatə edəcək. Ancaq Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən son həbslər göstərir ki, korruspiya ilə mübarizənin sərhədi yoxdur, qanunsuzluq edən hər bir struktur və məmur ifşa olunacaq.

  • منبع خبر : Atlas Araşdırmalar Mərkəzi