Azərbaycan Xarici İşlər Nazirliyində korrupsiya ittihamı ilə həbslər oldu. Bu qalmaqal nazir Elmar Məmmədyarovun isfeasını aktuallaşdırdı. Elmar Məmmədyarovun xarici işlər naziri olaraq fəaliyyəti faydalı deyil.

Birincisi, nazir Azərbaycan dilində danışa bilmir. Rusdilli nazir Xarici İşlər Nazirliyində Rus dilinin geniş yayılmasına şərait yaradıb. Elmar Məmmədyarov nazir

olduğu 15 ildə bir dəfə də Azərbaycan dilində geniş müsahibə verməyib. O müsahibələrini ancaq rus dilində verir. Elmar Məmmədyarov Azərbaycan dilini bilmədiyinə görə bircə dəfə parlamentdə də çıxış edib millət vəkillərinin suallarına cavab verməyib.

İkincisi, Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmir. O danışıqlarda sərt mövqe nümayiş etdirmir.Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzadılması Ermənistanın xeyrinədir. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmir. Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonların məskunlaşdırılmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına reaksiya vermirlər. Halbbuki, özlərinin hazırldıqları müxtəlif planlara görə Dağlıq Qarabağ ətrafı boşaldılmalıdır. Və ya Ermənistanın baş naziri Şuşada andiçmə mərarimi keçirir. Məmmədyarov bu məsələləri aktuallaşdıra bilmir.

Üçüncüsü, Elmar Məmmədyarov iki oğlunun Amerika vətəndaşı olmaları və bu ölkədə bahalı mülklə alması da ciddi araşdırılmalıdır. Məmmədyarov övladlarının dünyanın ən bahalı şəhəri olan Nyu York-da hansı pulla milyonlarla dollara mülk almalarını izah etmədi. Milli və dövlət maraqlarını müdafiə etməli olan nazirin övladları vətənlərində yaşamaq istəmirlərsə bunun özü böyük qüsurdur. Mətbuatda və sosial şəbəkələrdə qaldırılan bu sualara cavab vermək əvəzinə nazir mətbuat katibi vasitəsilə bu haqda yazanları hədələdi ki, kim bundan sonra onun övladlarının milyon dollarlıq mülkləri barədə yazsa, onları Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edəcək. Halbuki, Təhlükəsizlik Xidməti birinci elə Məmmədyarovun oturduğu binaya təşrif buyurdu.

Təhlükəsizlik Xidməti nazirin maliyyə mənbələrini araşdıracaq. XİN-də korrupsiya hallarının aşkar olunması Məmmədyarova ciddi zərbədir. Bundan sonra onun nazir kimi vəzifəsinə davam etməsi doğru deyil. Məmmədyarov prezidentin qərarını gözləmədən istefa verməlidir. Digər tərəfdən Elmar Məmmədyarovun ölkəni tərk etməsinə icazə verilməməlidir. Dövlət sirlərini bilən şəxsin rəhbərlik etdiyi qurumda korrupsiya faktları varsa, həmin qurumda dövlətə xəyanət də baş verə bilər.

Xarici İşlər Nazirliyi yenidən qurulmalıdır. Nazirliyə milli ruhlu kadrlar cəlb olunmalıdır. Təəssüf ki, XİN-də uzun illərdə qohumbazlıq prinsipləri üstün tutulub.

Nadir hallarda öz gücünə və savadına güvənən birisinə irəriləmək imkanı veriblər. Prezidentin köməkçisi Hİkmət Hacıyev həmin nadir diplomatlardan biridir ki, öz gücünə və savadına güvənərək mühüm posta layiq görülüb. Onun adı Elmar Məmmədyarovu əvəz edə biləcək namizədlər arasında çəkilir.

  • منبع خبر : Atlas Araşdırmalar Mərkəzi