İrana aid yük maşınlarının işğal altındakı Dağlıq Qarabağ ərazisinə yük daşıması haqqında məlumatlar keçmiş illərdə də olub.

Ancaq bu dəfə Dağlıq Qarabağda yaşayan ermənilərdən biri özü görüntü yaydı. Həmin görüntüdə İrana aid yük maşınlarının Dağlıq Qarabağda hərəkət etdiyi görünürdü. Həmin erməninin görüntünü yaymaqla məqsədi İrandan koronavirusun Dağlıq Qarabağa yayılmasını göstərmək idi ki, separatçılaerın lideri bunun qarşısını alsın. Bu görüntülər Azərbaycan mesiasında geniş yayıldı və mənfi reaksiyalar doğurdu.

Bundan sonra İran səfirliyi məlumatları təkzib etdi. Səfirlik İranla Dağlıq Qarabağ separatçıları arasında heç bir əlaqənin olmadığını bu bölgəyə də yük daşınmadığınmı vurğuladı. Ancaq səfirliyin bu açıqlaması rəsmi Bakını narahatlığına son qoymadı. Buna görə də aprelin 15-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi və İranın Bakıdakı səfiri Cavad Cahangirzadə ilə telefon danışıqları oldu. Diplomatik etiketə uyğun olaraq telefon danışığının birinci hissəsində iki ölkə arasındakı əlaqələrin inkişafından danışıldı.

Xələf Xələfov ölkəmizin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək, pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirdi. Nazir müavini eyni zamanda, son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğuladı. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd etdi.

Eyni zamanda İran xarici İşlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək, dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd etdi. O, pandemiya ilə mübarizədə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirdi. Eyni sözləri səfir Cavad Cahangirzadə təkrarladı. Səfir prezident İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İrana pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə etdi.

Rəqəm deyilməsə də, Azərbaycan İrana bu ağır günündə 5 milyon dollar vəsait yardım edib. Kimsə İranın koronavirusla mübarizədə Ermənistana İrana yardım etdiyini eşidibmi? Belə bir fakt yoxdur. Ona görə də bu ərəfədə İrandan Dağlıq Qarabağa yük daşınması xəbərinin yayılması istər-istəməz Bakıda ciddi reaksiya doğurmalı idi. Əlbəttə, Cavad Cahangirzadənin Azərbaycanda səfir olaraq çalışdığı müddətdə ikitərəfli əlaqələr xeyli inkişaf edib. Səfir əməkdaşlığın inkişafı üçün əlindən gələni edir. Ona görə də İrandan işğal altındakı torpaqlara yük daşınması Cavad Cahangirzadənin fəaliyyətinə yönəlmiş əməldir. Səfirin özü də separatçılarla hər hansı təmasın əleyhinədir.

Telefon danışığının ikinci hissəsində isə Xələf Xələfov rəsmi Bakının narahatlığını bu sözlərlə ortaya qoydu və dedi ki, İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvardır. Buna cavab olaraq da Xələf Xələfovun iranlı həmkarı İran-Azərbaycan mehriban dost münasibətlərinə düşməncə yanaşanların mövcudluğunu qeyd edərək, həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq ikitərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğuladı. Abbas Əraqçi, videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söylədi.

İran tərəfinin yayılan məlumatların və videgörüntülərin yalan olmasının müəyyənləşdirməsini sadə yolu var. Görüntülərdə həmin yük maşınların nömrələri görsənir. İran tərəfi həmin nömrəli yük maşınlarının hara yük daşıdğını araşdıra bilər və bununla da məsələyə nöqtə qoymaq olar.

Azərbaycan İranla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Bu İranın da maraqlarına uyğundur. Ancaq eşidəndə ki, İranın yük maşınları Dağlıq Qarabağa mal daşıyır, İran vətəndaşları işğal altındakı torpaqlara səfər edirlər və ya hansısa İran şirkəti Şuşaşası məscidin təmirində iştirak edir, bu bizdə ciddi suallar yaradır. Sonuncu məsələni “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu oktyabr ayında Bakıda İranın xarici işlrə naziri Məhəmməd Zərif qarşısında qaldırdı. Nazir Qoşulmayanlar Hərəkatının toplantısı məqsədilə keçən ilin oktyabr ayında Bakıya gəlmişdi. Məhəmməd Zərif Bakıda bir neçə eskpertlə görüşdü. Elxan Şahinoğlu İran şirkətinin Şuşadakı “əməlləriylə” bağlı nazirə suallar verdi. İranın xarici işlər naziri məsələni araşdıracağını və həmin şirkəti olub-olmadığını müəyyənləşdirəcəyini vəd etdi. İranda erməni separatçılarıyla əməkdaşlıq fonunda Azərbaycanla əməkdaşlığa kölgə salmaq istəyənlər varsa, Tehran onlara “dur” deməlidir, əks halda problemlər həll olunmamış qalacaq.

  • منبع خبر : Atlas Araşdırmalar Mərkəzi