Azərbaycanın əlverişli strateji mövqeyi  və təbii sərvətlərlə zəngin olması onu daima digər dövlətlərin diqqət mərkəzində saxlayıb. Xüsusilə, qonşu dövlətlər müəyyən tarixi dövrlərdə Azərbaycanın torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüşlər.

 Torpaq iddialarını  dəfələrlə əməli şəkildə xalqımıza qarşı qəsbkarlıq, soyğunçuluq, işğalçılıq mövqeyində göstərən ermənilər isə bu düşmənlər arasında riyakarlıqları, yalanları, insanlıqdan uzaq hərəkətləri ilə seçilirlər. Tarixə nəzər salsaq görərik ki,  ermənilərin    1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı və ətraf ərazilərdə etdikləri soyqırımı məhz onların ilk dəfə olaraq nifrətlərini göstərdikləri zamandır. 1918-ci il soyqırımı zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Xalqımıza qarşı törədilən faciə dövrü mətbuatda işıqlandırılmağa çalışılsa da buna maneələr yaradılaraq  qarşısı alınmışdı. Dövrün hakim qüvvələri bu hadisələri unutdurmağa çalışaraq xalqımızı  yenidən o cinayətkarlarla birgə yaşamağa məcbur etmişdilər. Yüz illərə dayanan erməni qəsbkarlığı özünü ötən əsrin 80-ci illərindən daha qabarıq formada göstərməyə başladı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa olan iddiaları düşməni növbəti hücumlara başlamağa vadar etdi. Kinləri soyumayan ermənilər yenə Azərbaycana qarşı təxribatlar törətməyə başladı. Tarixin ən unudulmaz qanlı hadisəsi,  1992-ci il 26 fevralda  Xocalıda törətdikləri soyqırımı ilə ermənilərlə dost olmağın mümkünsüzlüyü sübut olundu.  Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib. Düşmən gülləsindən 76-ı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən  150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Tarixə qara ləkə kimi düşən Xocalı soyqırımında öldürülən insanlar düşmən tərəfindən insanlığa sığmayacaq halda ağır işgəncələrə məruz qaldı. Körpə yaşlı demədən hər kəsə divan tutuldu. Bütün bunlara baxmayaraq yenə dünya susdu, bu zülmü görməzdən gəldi. Regionda sülhün yaradılması məqsədilə bir sıra qruplar yaradıldı, qətnamələr qəbul edildi. Lakin bunların heç biri düşmən tərəfindən reallaşdırılmadı.  Bu dövrdə təsis edilən ATƏT-in Minsk qrupu da üstünə düşən öhdəliyi yerinə yetirmədi, bölgədə sülhü və Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədi.

Azərbaycan torpaqları  30 ilə yaxındır ki, düşmən tapdağında idi. XX əsrdə etdikləri soyqırımı, talançılıq və vəhşilikdən doymayan barbar, faşist ermənilər dünyanın sülh və insanlıqdan danışdığı, COVİD-19 kimi ağır bir virusla mübarizə apardığı bir zamanda  öz təcavüzkar siyasətini davam etdirir. Düşmənin bir-birinin ardınca törətdikləri təxribatlar, xüsusilə  12 iyul Tovuz hadisələri Azərbaycanın səbr kasasını daşıran son damla olmuşdu. Hər zaman sülhü, barışı üstün tutan Azərbaycan bu dəfə düşmənə layiq olduğu cavabı verməyə hazır idi.  Hər zaman havadarları hesabına xalqımıza qarşı işğalçılıq siyasəti yürüdən ermənilər bir gerçəyi unutmuşdu. İndi onun qarşısında 90-cı illərin Azərbaycanı dayanmırdı. Birinci Qarabağ müharibəsində silah-sursatı olmayan xalq əliyalın düşmən qarşısına çıxmışdısa, indi bütün müasir texnika və silahla təchiz olunmuş Şanlı Azərbaycan Ordusu torpağının bir qarışını belə düşmənə verməyəcəkdi. Üstəlik bütün dünya erməni xislətindən, erməni yalanından “cana gəldiyi” bir vaxtda..

2020-ci il sentyabr ayının 27-dən başlayaraq ermənilər cəbhə xətti boyunca ərazilərdən Azərbaycanın mülki şəxslərinin yaşadığı yerləri kütləvi şəkildə atəşə tutmağa başladı.  Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə düşmənə layiqli cavab verdi.  Güclü ordumuz qarşısında tap gətirməyən düşmən canlı itkilər verərək, yaralı və texnikalarını döyüş meydanında qoyaraq qorxaqcasına qaçdı. Bir-birinin ardınca düşmən tapdağından xilas olan torpaqlarımız düşmənin iradəsini, “rəşadətli erməni ordusu” miflərini qırdı. Ermənistan ərazisində çaxnaşma yaratdı. Ordumuz qarşısında davam gətirməyən düşmən qüvvələri silahını dinc əhaliyə tuşladı. Azərbaycanın ən böyük ikinci şəhəri Gəncədə törətdikləri terror aktları bu xain xisləti bir daha ortaya qoydu. Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutuldu. Gəncənin qisası səngərdə alındıqdan sonra düşmən yeni bir terror hadisəsini 11 oktyabr 2020-ci il gecə saat 02:00 radələrində törətdi.  Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağıldı, 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralandı. Nifrəti tükənməyən düşmən oktyabrın 17-də Gəncə şəhərini ağır artilleriya silahlarından yenidən atəşə tutmağa başladı. Bu terror aktında  13 nəfər həlak oldu, 48 nəfər yaralandı. Həlak olmuş şəxslərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 5-i azyaşlı, 20-si qadındır. İki uşaq itkin düşüb. Ümumilikdə sentyabr ayının 27-dən bu günə qədər Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 341, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 846-a çatıb.

Qeyd etmək lazımdır ki, bu ağır terror hadisələrini Ermənistan tərəfi humanitar atəşkəsi pozaraq həyata keçirib. Belə ki, 10 oktyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşünün nəticəsi olaraq edilən humanitar atəşkəs rejimi Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən kobudcasına pozuldu. Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Gəncə hadisələri Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür. Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar qanunlar üzərindəki öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çəkilməsinə dair tələbləri yerinə yetirməyə çağırırıq.

Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönələn soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini “milli mübarizə” yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim “erməni məsələsi”ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar. Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara bulud kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.

 Sentyabrın 27-dən başlanan  döyüşlər bir daha göstərdi ki, muzdlu döyüşçülərdən, köhnə və yararsız silahlardan təchiz olunmuş qorxaq erməni əsgərinin qarşısında Vətəninə, bayrağına, dövlətinə, xalqına bağlı, son damla qanına qədər vuruşan Şanlı Azərbaycan Ordusu dayanıb. Qorxaq düşmən cəbhədə Azərbaycan Əsgərinə qarşı mübarizə apara bilməyib yenə öz yalanları ilə dünyanın diqqətini regiona çəkməyə çalışır. Yalanlar, təxribatlar, eləcə də Azərbaycanın şanlı zəfərləri  nəticəsində dünyanın gözü yenidən  Dağlıq Qarabağa yönəldi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində hazırda bir çox dünya ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni qəsbkarlığını qınayır.

            Bu gün Azərbaycanda güclü xalq-dövlət birliyi vardır. Məhz bu birlikdən doğan güc sayəsində bir-birinin ardınca torpaqlarımız işğaldan azad olunur. Azərbaycan xalqı Azərbaycan Ordusuna, Ali Baş Komandanına inanır və qələbəyə ümid edir. Çünki Qarabağ Azərbaycandır!

Seyfur Hacımuradov

“Naxçıvan Xəbərləri” Media Qrupunun  Baş redaktoru

 Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • نویسنده : Seyfur Hacımuradov
  • منبع خبر : sharhonline